QİSASÇILAR

Qisasçılar (ing. Avengers) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış superqəhrəman komandası. Komanda Sten Li və Cek Körbi tərəfindən yaradılmış və ilk dəfə "The Avengers" komiksinin 1-ci sayında (sentyabr 1963) peyda olmuşdur. Qisasçılar komandası Sten Li və Cek Körbi tərəfindən Timely Comics-in (Marvel Comics-in sələfi) Bütün qaliblər heyəti superqəhrəman komandasının bərpa edilmiş forması kimi yaradılmışdır.
"Yerin ən qüdrətli qəhrəmanları" ləqəbi ilə də tanınan Qisasçılar komandasının orijinal üzvləri Qarışqa-adam, Eşşək arısı, Dəmir adam, Halk və Tordur. 2-ci sayda Qarışqa-adam Nəhəng-adam olmuşdur. 4-cü sayda Kapitan Amerika buzda donmuş halda tapılır və o da komandaya qoşulur. Komandanın üzvləri tez-tez dəyişsə də, komandanın ideyası heç vaxt dəyişməmişdir: "Qisasçılar bir qəhrəmanın təkbaşına döyüşə bilməyəcəyi düşmənlərlə döyüşür". Komanda həmçinin "Qisasçılar, birləşin!" şüarı ilə tanınır. Müxtəlif vaxtlarda Qeyri-insanlar, mutantlar, insanlar, yadplanetlilər, androidlər, fövqəltəbii varlıqlar, hətta keçmiş supercinayətkarlar bu komandanın üzvü olub.

Qisasçılar komandası komikslə yanaşı bir çox televiziya verilişi, video oyun və filmdə peyda olmuşdur. 2012-ci ildə MKK-na daxil olan "Qisasçılar" filmi çəkilmişdir. Film çox uğurlu olmuş və Şimali Amerikada ən yaxşı açılışlardan birini etmişdir. İkinci film "Qisasçılar: Altron dövrü" 1 may 2015-ci ildə, üçüncü film "Qisasçılar: Sonsuzluq savaşı" 27 aprel 2018-ci ildə buraxılmışdır. Adsız bir başqa Qisasçılar filmi isə 3 may 2019-cu ildə buraxılacaq.
Nəşrolunma
Qisasçılar komandası ilk dəfə "The Avengers" komiksinin 1-ci sayında (sentyabr 1963) peyda olmuşdur. Ədalət liqası kimi Qisasçılar komandası Sten Li və Cek Körbi tərəfindən yaradılmış personajlardan qurulmuşdur. Əvvəlcə komiks iki aydan bir yayımlanırdı (6-cı saya qədər). 1964-cü ilin iyulundan etibarən hər ay buraxılmağa başlamış və 402 say davam etmişdir (sentyabr 1996).[1]

Əsas seriyadan əlavə spin-offlar da yayımlanmışdır. Bunlardan biri Qərb sahili Qisasçıları haqqındadır. Əvvəlcə 1984-cü ildə miniseriya kimi, daha sonra 1985-ci ildən 1994-cü ilə kimi 102 saydan ibarət komik seriyası kimi buraxılmışdır.[2][3] Digər spin-offlardan biri də 40 say yayımlanmış "Solo Avengers" (dekabr 1987 - yanvar 1991) komiks seriyasıdır.

1996-2004-cü ildə Marvel Qisasçılar komiksini 3 dəfə yenidən başlatmışdır. 1996-cı ildə "Heroes Reborn" hekayəsi alternativ kainatda baş vermişdir.

"The Avengers" cild 3 yenidən başladılmış və 1998-ci ilin fevralından 2004-cü ilin avqustuna qədər 84 sayı buraxılmışdır. Orijinal komikslə birlikdə 500 say olduğundan Marvel sayların nömrələnməsini dəyişdirmiş, 4 sayını "The Avengers" #500–503 şəklində buraxmışdır.[4] 2005-ci ildə yeni Qisasçılar komiksləri peyda olmuşdur: "The New Avengers",[5] "The Mighty Avengers", "Avengers: The Initiative" və "Dark Avengers". "Avengers" cild 4 2010-cu ilin iyulundan 2013-cü ilin yanvarına qədər davam etmişdir.[6] Cild 5 2013-cü ilin fevralında başladılmışdır.
Bioqrafiya
Asqard tanrılarından biri olan Loki qardaşı Tordan qisas almağa çalışır. Nəticədə isə, Rik Cons adlı gənc Tora və Loki tərəfindən istifadə olunan Halka kömək etmək üçün Dəmir adam, Qarışqa-adam və Eşşək arısını köməyə çağırır. Komanda Lokini məğlub etdikdən sonra Qarışqa-adam birlikdə işləməli olduqlarını bildirir və onlar komanda qururlar. Eşşək arısı komandaya Qisasçılar adını verir.[8][9]

Komandanın tərkibi daim dəyişir. İkinci sayın əvvəlində Qarışqa-adam Nəhəng-adam olur, sonunda isə Halk digərləri üçün nə qədər təhlükəli olduğunu görüb komandanı tərk edir.[10] 4-cü sayda buzda donmuş halda tapılan Kapitan Amerika komandaya qoşulur[11][12] və Halkın əvəzinə ona "qurucu üzv" statusu verilir.[13] Qisasçılar Baron Zemo,[14] İşğalçı Kanq,[15][16] Möcüzə-adam[17][18] və Kont Nefariya kimi düşmənlərə qarşı döyüşürlər.[19][20]

Növbəti illərdə Kapitan Amerika istisna olmaqla bütün üzvlər dəyişirlər. Onları keçmiş supercinayətkarlar Şahingöz, Civə və Qırmızı cadugər əvəz edir.[21][22][23] Nəhəng-adam Qoliaf olur,[24] Eşşək arısı komandanı tərk edir. Herakl komandaya qoşulur,[25] Qara cəngavər[26] və Qara dul[27] komandaya kömək edirlər, lakin növbəti illərə qədər komandanın rəsmi üzvləri olmurlar. Hörümçək-adama üzvlük təklif olunur, lakin qəbul etmir.[28] Qara pantera komandanı Qəddar biçinçidən və Kloudan xilas etdikdən sonra Qisasçılara qoşulur.[29][30] "The X-Men" #45 (iyun 1968) "The Avengers" #53 (iyun 1968) ilə krossover edir.[31][32] Daha sonra android Vijn təqdim olunur.[33][34] 59-cu sayda Henk Pim Sarı jaket təxəllüsünü seçir[35] və növbəti ay Eşşək arısı ilə evlənir.[36]

Qisasçıların ilk bazası Toni Starka məxsus olan Qisasçılar malikanəsi olur. Malikanədə Qisasçıların sadiq xidmətçisi Edvin Carvis xidmət göstərir.[37] Malikanədə Qisasçılar üçün müxtəlif məşq otaqları və beşmühərrikli Kvinjet yerləşir.
Başqa versiyalar
Qisasçılar komandasının müxtəlif versiyaları mövcuddur:
  • 1950-ci illərin Qisasçıları – 1950-ci illərdə özlərini Qisasçılar adlandıran qısaömürlü komanda. Üzvləri Marvel-oğlan, Venera, 3-D-Adam, Qorilla-adam, Cimmi Vu, Namora, Cəngəllik Canı olmuşdur.
  • Qisasçılar 1959 – "New Avengers" komiksinin 2-ci cildinin 10-cu buraxılışında tanıdılan superqəhrəman komandası. Nik Furi tərəfindən yaradılan komandanın əsas məqsədi Üçüncü reyxin qalıqlarını məhv etmək idi. Üzvləri Nik Furi, Dum Dum Duqan, Namora, Gümüş samur, Dominik Fortuna, Qılıncdiş, Ovçu Kreyven, Ulisses Bludston olmuşdurlar.
  • Qisasçılar (e.ə. 1 milyon versiyası) – "Marvel Legacy" yenilənməsində bir one-shot buraxılışda peyda olan Qisasçıların e.ə. 1 milyonuncu ildəki versiyasıdır. Üzvləri Agamotto, Odin, Feniks gücünə sahib adsız Daş dövrü qadını, Qara panteranın, Dəmir yumruğun, Kabus sürücünün və Star Brandın Daş dövrü versiyalarıdır.
  • Qisasçılar Növbəti – Marvel Comics 2 tanınan alternativ gələcəkdəki komandadır.
  • Möhtəşəm Qisasçılar – Möhtəşəm Marvel kainatındakı Qisasçılar versiyasıdır. Komanda General Nikolas Furi tərəfindən ABŞ-ı superinsan təhdidlərinə qarşı müdafiə etmək məqsədilə qurulub.
  • Qisasçılar Həmişə – "Avengers Forever" adlı komiks seriyasında peyda olub. Alternativ gələcəkdə marslılar dünyanı məhv edib və qəhrəmanların çoxunu öldürüblər. Qara panteranın yaşlı versiyası Yaşayan İldırım, Cakosta, Tundra, Killreyvendən ibarət Qisasçılara başçılıq edir.
  • Marvel Zombies – Marvel Zombies kainatında peyda olan versiyadır.
  • House of M: Qisasçılar – Qırmızı cadugər tərəfindən yaradılmış alternativ reallıqda Lyuk Keyc insan haqları uğrunda döyüşmək üçün komanda qurub.
  • Age of Apocalypse – "Age of Apocalypse" krossover hekayəsindəki bir versiyadır.
  • Qisasçılar 2099 – "Secret Wars" hekayəsindəki Qisasçılar komandasıdır.
Digər mediada
Qisasçılar haqqında 3 animasiya serialı istehsal olunmuşdur. "Qisasçılar: Birlikdə onlar güclüdürlər" qismən də olsa Qərb sahili Qisasçılarından bəhs edir və 1999-2000-ci illərdə yayımlanmışdır. "Qisasçılar: Yerin ən qüdrətli qəhrəmanları" komandanın ilk macəralarından bəhs edir və 2010-cu ildən 2013-cü ilə kimi davam etmişdir. "Qisasçılar, birləşin" komandanın yeni versiyası haqqındadır və 26 may 2013-cü ildə debüt edib.

Marvel Animation 3 film istehsal edib: "Möhtəşəm Qisasçılar", "Möhtəşəm Qisasçılar 2" və "Növbəti Qisasçılar".

Marvel Studios tərəfindən Qisasçılar filmləri istehsal olunmuş və MKK-na daxil edilmişdir. Birinci film 2012-ci il istehsalı "Qisasçılar" filmidir. Nik Furi Dəmir adam, Kapitan Amerika, Tor, Qara dul, Şahingöz və Halkdan ibarət Qisasçılar komandasını formalaşdırır. Onlar Nyu-Yorku işğal etməyə çalışan Loki və onun Çitauri ordusunu dayandırmağa çalışırlar. Film çox uğurlu olmuş və bir neçə rekord qırmışdır.[43] İkinci film 3 may 2015-ci ildə buraxılmış "Qisasçılar: Altron dövrü" filmidir. Filmin sonunda Dəmir adam, Şahingöz, Tor və Halk komandanı tərk edirlər və onları Qırmızı cadugər, Vijn, Şahin, Müharibə maşını əvəz edir (Civə də film də görünür, amma Altron tərəfindən öldürülür). Komanda "Birinci qisasçı: Qarşıdurma" filmində də görünüb. Sokoviya akkordlarına qarşı çıxan Kapitan Amerika Qış əsgəri, Qırmızı cadugər, Qarışqa-adam, Şahingöz və Şahindən ibarət komandası ilə Dəmir adamın Qara dul, Qara pantera, Hörümçək-adam, Müharibə maşını, Vijndan ibarət komandasına qarşı çıxır. Filmin sonunda Qisasçılar parçalanır. Üçüncü film "Qisasçılar: Sonsuzluq savaşı" 27 aprel 2018-ci ildə buraxılıb. Doktor Strenc və Qalaktika mühafizəçiləri də komandaya qoşulurlar və komanda Sonsuzluq daşları ilə kainatın yarısını məhv etməyə çalışan Tanosu dayandırmağa çalışır. Hələ adı məlum olmayan 4-cü Qisasçılar filmi 3 may 2019-cu ildə buraxılacaq.


Yorumlar

Bu blogdaki popüler yayınlar

IRON FIST(DEMIR YUMRUK)

Daredevil