SPİDER-MAN

Hörümçək-adam (ing. Spider-Man) – Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Cey Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir.

Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər. "Hörümçək-adam" seriyası Hörümçək-adam gizli şəxsiyyəti ilə fəaliyyət göstərən kuinsli lisey tələbəsi Piter Parkerlə bu tendensiyaya son qoymuşdur. Personajın "rədd olunma, tutarsızlıq, tənhalıq" kimi vəsvəsələrə malik olması gənc oxucuların onla təmas qurmasını asanlaşdırırdı.[9] Hörümçək-adam köməkçi personaj xüsusiyyətlərinə malik olsa da, əvvəlki gənc superqəhrəmanlardan (Robin və Baki) fərqli olaraq onun Betmen və Kapitan Amerika kimi superqəhrəman məsləhətçiləri yox idi. Buna görə də "böyük gücün böyük məsuliyyət gətirdiyini" (bu ifadə ilk Hörümçək-adam hekayəsinin sonuncu panelində işlədilmişdi) özü öyrənməli idi.

Marvel Hörümçək-adam personajını bir çox komikslərində istifadə etmişdir. İlki və ən uzun davam edəni "The Amazing Spider-Man" komiks seriyasıdır. İllər keçdikcə Piter Parker personajı utancaq, antisosial Nyu-York tələbəsindən problemli, amma diqqətli kollec tələbəsinə, evli lisey müəlliminə, təkbaşına işləyən frilans fotoqrafa çevrilmişdir. 2010-cu illərdə Marvel nəşriyyatının ən tanınmış superqəhrəman komandası Qisasçılara qoşulur. Hörümçək-adamın düşməni Doktor Osminoq da 2012-2014-ci illərdə davam edən, Piter Parkerin öldüyü bədən dəyişdirmə hekayəsində Hörümçək-adam şəxsiyyətini götürür.[10] Bunlardan əlavə, Marvel Hörümçək-adamın alternativ versiyalarını yaradaraq komikslərini nəşr etmişdir: gələcəyin Hörümçək-adamı Migel O'Haranın macəralarından bəhs edən "Spider-Man 2099", alternativ kainatda gənc Piter Parkerin macəralarından söz açan "Ultimate Spider-Man" və Piter Parkerin ölümündən sonra Hörümçək-adam rolunu alan Maylz Moralesi təsvir edən "Ultimate Comics Spider-Man". Maylzın daha sonra əhəmiyyəti artırılmış, Piterlə birlikdə işləməyə başlamışdır.

Hörümçək-adam ən populyar və uğurlu superqəhrəmanlardan biridir.[11] Marvel-in bayraqdaşıyan personajı və şirkətin talismanı olan Hörümçək-adam saysız mediada peyda olmuşdur. Bunlara animasiya və live-action teleserialları, qəzet komiks stripləri və film seriyaları daxildir. Personaj ilk dəfə Denni Siqren tərəfindən 1974-cü ildən 1977-ci ilə kimi davam etmiş "Elektrik şirkəti" sketçi "Hörümçək superhekayələri"ndə canlandırılmışdır.[12] Filmlərdə Hörümçək-adam rolunu Tobi Maquayr (2002-2007), Endrü Qarfild (2012-2014) və Tom Holland ifa etmişdirlər. Tom Holland 2016-cı ildən bəri Hörümçək-adamı Marvel Kinematoqrafiya Kainatında canlandırır. Riv Karni 2010-cu ildə "Spider-Man: Turn Off the Dark" teatr tamaşasında Hörümçək-adam rolunda çıxış etmişdir.[14] Hörümçək-adam superqəhrəman və komiks personajı kimi yaxşı qəbul olunmuşdur. DC Comics nəşriyyatının ən populyar superqəhrəmanları Supermen, Betmen və Ecazkar qadınla birlikdə bütün dövrlərin ən populyar komiks personajlarından biri hesab olunur.
Yaradılma və inkişaf
1962-ci ildə Fantastik dördlüyün uğurundan sonra Marvel Comics redaktoru və əsas yazıçı Sten Liyə yeni superqəhrəman ideyası ilə çıxış etmək imkanı verilmişdi. Sten Linin sözlərinə görə Hörümçək-adamı yaratmaq ideyası gənclərin komikslərə olan tələbatından və yeniyetmələrin asan təmas qura biləcəkləri personaj yaratmaq istəyindən doğmuşdur.[16]:1 Sten Li avtobioqrafiyasında qeyri-superqəhrəman pulp-jurnal cinayət döyüşçüsü Hörümçəkdən xeyli təsirləndiyini qeyd etmişdir.[15]:130 Bir çox müsahibələrində isə divarda dırmaşan hörümçəyi seyr edərkən personajı yaratmaq ideyasının yarandığını bildirmişdir. Sten Li avtobioqrafiyasında hekayənin doğru olub-olmadığı barədə tez-tez tərəddüd keçirdiyini əlavə etmişdir.[qeyd 1] O dövrdə yeniyetmə superqəhrəmanlara sonu "oğlan" (ing. Boy) ilə bitən adlar verilsə də, Li "Hörümçək-adam" (ing. Spider-Man) adını seçmişdir. Çünki Sten Li personajın seriya davam etdikcə yaşlanmasını istəmiş, bundan əlavə, "Hörümçək-oğlan" adının personajın digər superqəhrəmanlara nisbətən keyfiyyətsiz görünməsinə səbəb olacağını düşünmüşdür.[17] O vaxt Sten Li personaj üçün Marvel nəşriyyatçısı Martin Qudmanın razılığını almalı idi. 1986-cı ildə bir müsahibədə Sten Li arqumentlərinin Qudmanın etirazlarını üstələdiyini ətraflı şəkildə təsvir etmişdir.[qeyd 2] Nəhayət, Qudman "Amazing Adult Fantasy" elmi fantastika və fövqəltəbii komiks antologiyasının 5 iyun 1962-ci ildə satışa buraxılmış 15-cı və sonuncu sayında (bu zaman antologiya "Amazing Fantasy" adlandırılmışdı) personajı yoxlamağa icazə vermişdir.[18] Sten Li qeyd etmişdir ki, "Amazing Fantasy" komiksinin 15-cı saydan sonra ləğv olunmasının səbəbi Qudmanın ona Hörümçək-adamdan istifadə etməsinə icazə verməsi olmuşdur.[17] Sonuncu say olmasına baxmayaraq baş məqalədə "Hörümçək-adam hər ay Amazing-də görünəcək" (ing. "The Spiderman [sic] ... will appear every month in Amazing") sözləri yazılmışdı.[18][19]

Hər şeyə baxmayaraq, Li Hörümçək-adam və "adi yeniyetmə" konsepsiyası üçün Qudmanın razılığını almış və rəssam Cek Körbi ilə görüşmüşdür. Komiks tarixçisi Qreq Tikstona görə Körbi Sten Liyə 1950-ci illərdə Co Simonla birlikdə hazırladığı nəşr olunmamış personaj haqqında danışmışdır. Qoca cütlüklə yaşayan və yetim olan bu personaj ona supergüclər verən sehrli üzük tapırdı. Li dərhal Körbi ilə hekayə barədə müzakirə aparmış və daha sonra Körbidən personajı dəqiqliklə təsvir etməsini və bir neçə səhifə çəkməsini istəmişdir.[20] Stiv Ditko isə konturçu olmalı idi.[qeyd 3] Li Körbinin ilk 6 səhifəni ona göstərdiyi anı belə xatırlayır: "Onun istifadə etdiyi üslubdan nifrət etdim! O, pis bir şey etməmişdi, sadəcə bu, istədiyim personaj deyildi; o, çox qəhrəmancasına görünürdü".[20] Li bu dəfə Ditkoya yönəlmiş və onun vizual stilini bəyənmişdir. Ditko xatırlayır:

"Etdiyim ilk işlərdən biri kostyum çəkmək idi. Personajın vacib, vizual hissəsi. Hər hansı səhv buraxmazdan öncə ... mən onun necə göründüyünü bilməli idim. Misal üçün: dırmaşma gücünə görə sərt ayaqqabı və ya çəkmə geyinməməsi, gizlədilmiş toratan tor silahı və tapançasına qarşı və s. Personajın üzünü örtməyin Sten Linin xoşuna gələcəyindən əmin deyildim, amma etdim, çünki bu, personajın çox gənc görünən sifətini gizlədirdi. Bu, həmçinin personaja müəmma qatacaqdı."
Personaj Ditko tərəfindən dizayn olunsa da, Li Ditkonun kover-artını bəyənməmiş və Körbidən Ditkonun konturladığı üzlüyə düzəliş etməsini istəmişdir.[18] Bunu 2010-cu ildə Li belə izah etmişdir: "Mən düşündüm ki, üzlüyü Cek tərtib etməlidir, çünki mənim həmişə Cekin üzlüklərinə böyük güvənim var idi".[22]

Ditko onun və Linin personajın yaradılmasında verdikləri töhfələr haqqında Geri Martinə verdiyi və "Comic Fan"-ın 2-ci buraxılışında (yay 1965) nəşr olunmuş poçt-müsahibədə demişdir: "Sten Li adı fikirləşdi. Mən kostyumu, biləklərdəki toratan aləti və hörümçək siqnalını hazırladım".[23] Həmin dövrdə Ditko incəsənət məktəbində onun sinif yoldaşı olmuş məşhur fetiş rəssamı Erik Stentonla bir Manhetten studiyasını bölüşürdü. 1988-ci ildə Stenton Tikstona verdiyi müsahibədə bildirmişdi ki, Hörümçək-adam personajının yaradılmasına verdiyi töhfə "demək olar ki, sıfır" olsa da, bir neçə ideya vermişdir: "Lakin hər şey Ditkonun özü tərəfindən yaradıldı... Mən düşünürəm ki, əllərdən çıxan torla bağlı məsələni mən əlavə etdim".
Körbi Linin hekayə versiyası barədə mübahisə etmiş və Linin personajın yaradılmasına minimal töhfə verdiyini söyləmişdir. Körbiyə görə Hörümçək-adam ideyası 1950-ci illərdə Co Simonla birlikdə Crestwood Publications komiksi "Black Magic" üçün dizayn olunan, lakin istifadə olunmayan Gümüş hörümçək adlı personaja əsaslanır.[qeyd 4] Simon 1990-cı ildə avtobioqrafiyasında Körbinin açıqlamaları ilə razılaşmamış, "Black Magic" komiksinin bir faktor olmadığını bildirmiş, onun Hörümçək-adam adını (daha sonra Gümüş hörümçək) fikirləşdiyini, Körbinin isə hekayə və gücləri müəyyən etdiyini bildirmişdir. Simon qeyd etmişdir ki, onların yaratdığı bu personaj Simonun Archie Comics superqəhrəmanı Milçək üçün bazis rolunu oynamışdır.[24] Stiv Ditko Sten Linin DC Comics personajı Şahin-adamın (ing. Hawkman) adını bəyəndiyini, Hörümçək-adam adını bu səbəbdən seçdiyini bildirmişdir.[21]

Simon Körbinin orijinal Hörümçək-adam versiyasını Sten Liyə göstərdiyini, Linin yeni personaj üçün bir neçə səhifə çəkməsini istədiyini, lakin nəticələri bəyənmədiyini bildirmişdir. Simon Körbinin çəkdiyi Hörümçək-adamı "hörümçək torlu Kapitan Amerika" adlandırmışdı.[qeyd 5] Yazıçı Mark Evanier bildirmişdir ki, Linin Körbinin personajını "qəhrəmanca" hesab etməsi ağlabatan deyil: Körbi hələ də "Amazing Fantasy" #15 və "The Amazing Spider-Man" #1 üçün üzlüklər çəkirdi. Evanier Körbinin digər vəzifələrindən əlavə Hörümçək-adamı çəkmək üçün "çox məşğul" olduğunu bildirməsinin mübahisəli olduğunu qeyd etmişdir, çünki Evanierə görə Körbi həmişə "məşğul" idi. Nə Li, nə də Körbinin izahları sehrli üzük kimi əsas hekayə elementlərindən imtina edilməsinin səbəblərini açıqlamır. Evanierə görə bu qəfil dəyişikliyin ən məqbul izahı Qudman və ya onun köməkçilərindən birinin Hörümçək-adamın Körbi tərəfindən Milçəyə çox oxşar çəkilməsi və düşünülməsinə qərar verməsi idi.

Müəllif və Ditko tədqiqatçısı Bleyk Bellə görə personajın Milçəyə oxşadığını bildirən şəxs Ditko idi. Ditko xatırlayır: "Sten Ceki Milçək haqqında çağırdı" və "bir neçə gün sonra Sten mənə hekayə panelindəki çatışmazlıqları həll etməyi tapşırdı". Bu komiksin təbiətinin dəyişdiyi an idi. "Sehrli üzük, yetkin Hörümçək-adam və Hörümçək-adam hekayəsində yer alacaq əfsanəvi ideyaları çıxar". Li Ditkodan hörümçək tərəfindən sancılan və güclər qazanan yeniyetmə personaj yaratmasını istəmişdir. Personajın ilkin yaradılmış versiyasının buraxılışı haqqında Ditko demişdir: "Mən hələ də Hörümçək-adamın kimin ideyası olduğunu bilmirəm". Körbi 1971-ci ildə verdiyi bir müsahibədə personajın formalaşmasında ən böyük rolun Ditkoya məxsus olduğunu bildirmişdir.[27] Hələ də ilkin ideyanı verdiyini iddia edən Sten Ditkonun rolunu qəbul etmiş və demişdir: "Əgər Stiv həmyaradıcı kimi tanınmaq istəyirsə, onun buna layiq olduğunu düşünürəm". O hətta əlavə edib bildirmişdir ki, Ditkonun kostyum dizaynı personajın uğurunun açarı idi; kostyum personajın bütün bədənini örtdüyündən dünyada hər cür irqdən insanlar özünü kostyumun içində təsəvvür edə bilirdilər. Bu isə insanların personajla təmas qurmasını asanlaşdırırdı.
Bioqrafiya
Nyu-York şəhərinin Kuins bölgəsinin Forest-Hils rayonunda yerləşən Midtaun liseyinin tələbəsi[44] olan Piter Parker əmisi Ben və xalası Meylə yaşayan, elmə böyük maraq göstərən gəncdir. "Amazing Fantasy" jurnalının 15-ci sayında (avqust 1962) göstərildiyi kimi o, elmi sərgidə radioaktiv hörümçək (paneldə səhvən cücülər sinfində təsnif olunub) onu sancır və Piter hörümçəkkimilərə xas olan çeviklik və proposional güc əldə edir.[45] Supergücdən əlavə Parker divara və tavana dırmaşmaq bacarığı qazanır. Elmdən yaxşı başı çıxan Parker biləyə taxılan və torabənzər yapışqan maddə atan kiçik alət – toratanlar düzəldir. Əvvəlcə bu güclərindən öz mənafeyi üçün istifadə etmək istəyən Parker özünə bir kostyum hazırlayır və Hörümçək-adam kimi yeni televiziya ulduzuna çevrilir. Buna baxmayaraq, qaçan oğrunu tutmaq şansından istifadə etməkdən qayğısızca imtina edir və ironik bir şəkildə qaçan bu oğru Ben əmini öldürür. Hörümçək-adam qatilin izinə düşür, onu yaxalayır və öyrənir: "Böyük güc böyük məsuliyyət gətirir!".[46]

Supergüclərinə baxmayaraq Parker dul qalmış xalasına maddi cəhətdən kömək edir, liseydə ona sataşan oğlanların (xüsusilə, futbol ulduzu Fleş Tompson) təhqirlərinə dözür və Hörümçək-adam kimi qəzet nəşriyyatçısı Cey Cona Ceymsonun qınaq obyektinə çevrilir.[47][48] İlk dəfə düşmənləri ilə döyüşəndə kostyumlu macəraların çətinliyinin fərqinə varır.[49] Liseyi bitirdikdən sonra[50] Parker İmperiya Ştat Universitetinə (Kolumbiya Universiteti və Nyu-York Universitetini xatırladan uydurma universitet)[51] daxil olur. Burada o, otaq yoldaşı və ən yaxın dostu Harri Ozborn və sevgilisi Qven Steysi[52] ilə tanış olur. Daha sonra Mey xala onu Meri Ceyn Uotsona təqdim edir.Piterin Harrinin narkotik maddələrlə bağlı problemi ilə əlləşməsi, üstəlik Harrinin atası Normanın onun əzəli düşməni Yaşıl qoblin olduğunu öyrənməsi onu bir müddət kostyumlu şəxsiyyətindən əl çəkmək barədə düşünməsinə vadar edir. Qven Steysinin atası, Nyu-York Polis Departamentinin detektiv kapitanı Corc Steysi Hörümçək-adamla Doktor Osminoq arasında baş vermiş döyüş zamanı ölür (#90, noyabr 1970).
21-ci sayda (iyun 1973)[49] Yaşıl qoblin Qven Steysini Bruklin körpüsünün (təsvirə görə) və ya Corc Vaşinqton körpüsünün (mətnə görə) qülləsindən atır.[58][59] Hörümçək-adam onu xilas etməyə çalışsa da, Qven Steysi ölür. 125-ci sayın məktublar səhifəsində bir qeyddə bildirilir: "Bizə bunu demək çətin olsa da, Hörümçək-adamın atdığı tor onu qəfildən saxladığından Qvendə onurğanın inciməsinə, faktiki olaraq, onun ölümünə səbəb olmuşdur".[60] Növbəti sayda Hörümçək-adamla döyüşən Yaşıl qoblin özünün ölümünə səbəb olur.
Qvenin ölümünün kədərindən qurtula bilməyən Parker axırda Uotsana qarşı hislər bəsləməyə başlayır və onlar "sevgilidən çox sirrdaşa" çevrilirlər.[62] Nəhayət onlar arasında romantik münasibətlər yaranır: 182-ci sayda (iyul 1978) Parker ona sevgisini etiraf edir, lakin növbəti sayda rədd edilir.[63] Parker 185-ci sayda kollecdən məzun olur[49] və utancaq Debra Uitmanla münasibətdə olmağa başlayır. 194-cü sayda (iyul 1979) işvəbaz kostyumlu oğru Felisiya Hardi – Qara pişiklə tanış olur.
1984-1988-ci illərdə Hörümçək-adam sinəsində ağ hörümçək simvolu olan qara kostyum geyinir. Bu kostyumun mənşəyi "Secret Wars" komiks seriyasında Yerin əsas superqəhrəmanları və supercinayətkarları arasında xarici planetdə baş tutan döyüşdə iştirakı ilə bağlıdır.[65] "The Amazing Spider-Man" komiksinin 252-ci sayında qayıdanda kostyumu geyinməyə davam edir. Personajın uzun müddət dəyişilməyən dizaynındakı bu dəyişiklik mübahisələri də özü ilə gətirmişdir: bəzi qatı fanatlar bunu müqəddəs bir şeyə hörmətsizliklə bir tutmuşdular. Rəqibləri olan DC Comics personajları Supermen və Betmendə olduğu kimi Hörümçək-adamın ənənəvi qırmızı-göy kostyumun ikonaya çevrildiyi barədə mübahisə etmişdirlər.[66] Yaradıcılar daha sonra açıqlamışdırlar ki, qara kostyum əslində yadplanetli simbiotdur: Hörümçək-adam daha sonra böyük çətinliklə ondan qurtulsa da,[67] simbiot Venom şəklində dəfələrlə ondan qisas almağa gəlir.[49]

"The Amazing Spider-Man" komiksinin 290-cı sayında (iyul 1987) Parker ikinci dəfə Uotsana təklif edir və iki say sonra Uotson təklifi qəbul edir. "The Amazing Spider-Man Annual" komiksinin 21-ci sayında (1987) onların toyu baş tutur. Komikslərdəki bu hadisə real həyatda zarafat toyu ilə reklam edilmişdir: 5 iyun 1987-ci ildə Tara Şennon (Uotson) kimi modellərin[68] və Sten Linin iştirakı ilə Şea stadionunda.[69][70] Buna baxmayaraq, Cim Şuterin məzmunu əsasında bu hadisəni nəql edən Deyvid Mişelini 2007-ci ildə demişdir: "Mən düşünmürdüm ki, onlar həqiqətən evlənməli idilər... Mən əslində başqa bir versiya hazırlamışdım, hansı ki, istifadə olunmadı".

Mübahisəli bir hekayədə Piter Ben Reylinin – Qırmızı hörümçəyin (kollec professoru Maylz Uorren tərəfindən yaradılmış Piterin klonu) əsl Piter Parker olduğuna, özünün isə klon olduğuna inanır. Piter Hörümçək-adam şəxsiyyətini bir müddətliyinə Ben Reyliyə təhvil verir. Lakin Ben Reylinin qayıdan Yaşıl qoblin tərəfindən öldürülməsindən və klon olduğu aydın olandan sonra yenə Hörümçək-adam olur. 2005-2006-cı illərdə nəşr olunmuş hekayələrdə (məsələn, "The Other") o yeni hörümçək gücləri əldə edir: bioloji toratanlar, qollarından çıxan zəhərli iynələr, insanları arxasından sancmaq, gücləndirilmiş Hörümçək hissi və gecə görüşü, artırılmış güc və sürət. Piter daha sonra Yeni Qisasçıların üzvü olur və əsl şəxsiyyətini bütün dünyaya açıqlayır, lakin bu onda bir sıra problemlərə səbəb olur. Onun Meri Ceynlə evliliyi və ictimaiyyət qarşısında maskasını çıxarması"One More Day" adlı başqa bir mübahisəli hekayədə ləğv olunur: Parkerin Mefisto ilə Şeytan müqaviləsi imzalaması bunlarla yanaşı Harri Ozbornun dirilişinə və Hörümçək-adamın ənənəvi güclərinin qayıtmasına səbəb olur.

Bu hekayə baş redaktor Co Kesedanın göstərişi ilə hazırlanmışdır. O demişdir: "Piterin tək olması Hörümçək-adam dünyasının təməlinin əsas hissəsini təşkil edir". Bu, Keseda ilə yazıçı Cozef Maykl Strajinski arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur: "Mən Coya dedim ki, hekayə arkının son iki sayından mənim adımı çıxarın". Strajinskinin hekayə arkının yekunlaşdırdığı sayda Keseda demişdir:
"Biz qətiyyət gətirəcəyini gözlədiyimiz hekayə və metodologiya əldə etmədik. Ən çox problem yaradan şey o idi ki, bizim 4 yazıçımız və rəssamımız gözlənilən "Brand New Day" [sikvel ark] üzərində işləyirdi və "One More Day" bizim razılaşdığımız kimi bitməli idi. Bizim hekayəni orijinal vəziyyətinə qaytarmaq barədəki xahişimiz Conu məyus etdi və komiks seriyasında böyük gecikmələrə və səhifə artımlarına səbəb oldu. Həmçinin, Conun evlilik retkonuna tətbiq etmək istədiyi elm 30 illik Hörümçək-adam komikslərin gərəksiz olmasına gətirib çıxaracaqdı, çünki onlar heç vaxt baş verməmiş olacaqdı. ... Bu, Hörümçək-adam başlıqlarından əlavə bir çox şeyi də sıfırlayacaqdı. Biz oraya gedə bilməzdik..."


Yorumlar

Bu blogdaki popüler yayınlar

IRON FIST(DEMIR YUMRUK)

Daredevil